Ailə qanunvericiliyinin təkmilləşdirilməsi hazırda gündəmdədir.
Bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Vəkillər Kollegiyası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.
O qeyd edib ki, cəmiyyətin məişət zorakılığına dözümlülüyü çox həssas səviyyədədir: "Bu bizim üçün siqnal olmalıdır".
S.Hacıyev vurğulayıb ki, mövcud qanunvericiliyin yerlərdə icrası prosesində ciddi problemlər var:
"İcra hakimiyyətlərinin yanında yaradılmış komissiyaların fəaliyyətində formallıq mövcuddur. Həmin komissiyaların işləri ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti arasında kəskin fərq var.
Belə olduğu halda qısamüddətli mühafizə orderlərinin verilməsinin komissiyalara həvalə olunması effektiv deyil. Ona görə məişət zorakılığına dair faktlar çox olsa da, verilən mühafizə orderlərinin sayı çox azdır".
O bildirib ki, ötən il cəmi 12 uzunmüddətli mühafizə orderi qəbul olunub: "Bu, real vəziyyəti əks etdirmir".