“Azərbaycanın Sərhədlərin Delimitasiyası üzrə Komissiyanın reqlamentini ratifikasiya edəcəyinə əminəm”.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışında deyib.
“Proses sinxron şəkildə davam edir. Mən Azərbaycanda bu işin hansı mərhələdə olduğunu bilmirəm. Sənədin imzalanması ilə yanaşı, onun təsdiqlənməsinin də paralel olaraq aparılması məntiqə uyğundur. Reqlamentin Azərbaycan tərəfindən də ratifikasiya ediləcəyinə şübhəm yoxdur”, - Mqer Qriqoryan vurğulayıb.
O əlavə edib ki, tərəflərdən biri ratifikasiyadan imtina etsə belə, sənəd orijinal versiyasının hər iki ölkənin rəsmiləri arasında mübadiləsindən sonra dərhal qüvvəyə minəcək.
Qriqoryanın fikrincə, reqlament Ermənistanla Azərbaycan arasında Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyəti üçün tələb olunan hüquqi əsasları tamamlayacaq.
Onun sözlərinə görə, bu proses konsensus şəraitində həyata keçirilməlidir.
Qriqoryan Regional Kommunikasiyaların Açılması Üzrə Üçtərəfli Birgə İşçi Qrupunun iclasları davam etdirməməsinə də aydınlıq gətirib. O əlavə edib ki, buna səbəb bəzi məsələlərdə yekdil fikrə gəlinməməsidir.
Ermənistanın hökumət başçısının müavini onu da əlavə edib ki, hələlik tərəflər delimitasiyanın növbəti mərhələsinin sərhədin hansı hissəsində aparılacağınmı müzakirə etməyib: “Delimitasiyanın aparılacağı növbəti sahə hələ müzakirə olunmayıb. Sahələrin seçilməsi üzrə prinsiplər müəyyən edilməyib. Hesab edirəm ki, bu məsələ konsensus yolu ilə həll edilməlidir”.
O əlavə edib ki, bu məsələdə risklər olsa da hüquqi müstəvidə nəzərdə tutulan addımların atılması son dərəcə vacibdir: “Biz belə razılığa gəlmişik ki, sərhədin delimitasiya prosesinin tamamlandığı sahələrə qayıtmayaq. Çünki prosesin kifayət qədər mürəkkəbliyi xaosa səbəb ola bilər”.