“Prezident həmin ifadəni bu kontekstdə dedi ki, Ermənistanı Qarabağda məğlub etdik. Ermənistan bu faktı qəbul etməli, bununla barışmalıdır və göstərməlidir. Revanşizmə yuvarlanmamalıdır”.
Bu fikirləri Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli Prezident İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılışında vurğuladığı “hədəflərin düzgün seçilməsi” məsələsini şərh edərkən deyib:
“İkincisi, prezident onu həm də bu hədəflər içərisində xatırladır ki, hər şey bizim əlimizdədir. Qarabağ müharibəsindən üç il sonra nə dəyişdi? Azərbaycan daha da gücləndi və antiterror əməliyyatlarında-ikinci mərhələdə qalib gəldi. Bu həm də ona işarədir ki, bizim daha bir il sonra həm əlçatımlı hədəflərimiz dəyişir, həm də gücümüz daha çox artır. Həmin hədəf budur: xalq və iqtidar birliyi. Onun iradəsi qarşısında nə bölgədə, nə dünyada hansısa güc qalib gələ bilməz, dayandıra bilməz. Niyə? Bir hədəf Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək idi. Sonra azərbaycanlıların ideoloji hisslərini, milli kimliklərini nikbinliklərini, fikirlərini, ümidlərini artırandan sonra üfüqdə hədəf daha da aydınlaşır. Bu, bəlkə Qərbi Azərbaycana qayıdış məsələsidir? Bu gün prezident onu da qeyd edir. Müxtəlif platformalarda bizə qarşı gələnlər real müharibədə Azərbaycana qarşı hərbi kampaniyalardan və onun aqibətindən dərs çıxartmalı deyilmi? Bu, həm də Ermənistana mesajdır, həm də o mesajdır ki, sülh müqaviləsini imzalamaq və onun sonrakı periodunda Qərbi azərbaycanlıların qayıdışını reallaşdırmaq lazımdır. Ona görə dedi ki, gün gələcək, biz, Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik. Ağkilsə kəndində buna oxşar mərasimi keçirəcəyik. Prezident bu hədəfləri qoydu. Təbii ki, burada qalib gələcəyik”.