Select your language

Select your language

Gündəm

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "TV Berlin"ə müsahibə verib.

O, əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsinə toxunub.

E.Əmirbəyovun sözlərinə görə, Ermənistanın yarımçıq, tamamlanmamış sülh müqaviləsi layihəsi mətnini yaxın vaxtlarda imzalamaq üçün təkidli təklifləri beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdən və öz həqiqi niyyətlərini gizlətməkdən başqa bir şey deyil:

"Əvvəlcədən qeyri-real və buna görə də Azərbaycan üçün qəbuledilməz təklifin irəli sürülməsi, bir tərəfdən, danışıqlar prosesini uzatmaq və vaxt qazanmaq niyyəti, digər tərəfdən isə hamının gözlədiyi nəticənin olmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmağın kifayət qədər primitiv cəhdidir.

Buna Ermənistanın müttəfiqləri və himayədarlarının köməyi ilə fəal şəkildə həyata keçirdiyi hərbiləşmə kursunu, habelə müxtəlif beynəlxalq platformalarda diplomatik qarşıdurmanı davam etdirməsini əlavə etsək, aydın olur ki, əslində, Ermənistan normallaşma prosesini süni şəkildə uzadır və onun başa çatması İrəvan üçün prioritet deyil".

Azərbaycan Prezidentinin nümayəndəsi vurğulayıb ki, son vaxtlar Ermənistanın sürətləndirilmiş xarici iqtisadi, diplomatik, maliyyə və hərbi dəstəklə təmin edilməsi, bir tərəfdən, artıq İrəvanı müəyyən "komfort zonası"na itələyib və danışıqlar prosesində ciddi iştirakını davam etdirmək üçün hər cür motivasiyadan məhrum edib.

"Digər tərəfdən isə bu onlarda növbəti riskli xəyalların yaranmasına şərait yaratmaqla normallaşma prosesinin özünün perspektivlərini sarsıdır.

İrəvan, eləcə də bu gün Ermənistan-Azərbaycan sülh prosesinin tezliklə uğurla tamamlanması üçün fəal şəkildə çalışanlar nəhayət sadə bir həqiqəti anlamalıdırlar - Ermənistanın Azərbaycanın suveren ərazisinə qarşı davam edən ərazi iddialarının, ilk növbədə hazırkı konstitusiyasında əks olunan problemin səmərəli və təxirəsalınmaz həlli olmadan Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmaq, müvafiq olaraq da iki ölkə arasında davamlı, etibarlı və dönməz sülhə nail olmaq mümkün olmayacaq. Məhz belə bir sülh uğrunda Azərbaycan çıxış edir.

Beləliklə, "top" bu gün erməni tərəfindədir və biz ümid edirik ki, Ermənistan münasibətlərimizdəki faciəvi səhifəni birdəfəlik çevirmək üçün tarixi şansı əldən verməyəcək", - deyə Elçin Əmirbəyov sözlərini yekunlaşdırıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il