Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün dəvət alıb.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün dəvət xarici işlər naziri Ararat Mirzoyanın adına göndərilib.
Nazir müavininin sözlərinə, hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.