Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb.
Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, Kənd Horadizin ərazisində əsasən tank əleyhinə minalar basdırılıb. Axtarış zamanı ərazidə partlamamış silah-sursatlar da aşkarlanır. Qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər, piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla da həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minalar Ermənistan istehsalıdır.
Bildirilib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsilə aparılır.
Daha sonra ərazidə aşkarlanan tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqlarımızda səfərdədir. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.
Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.