Azərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.
Bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.