Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi üçün DİN-in Baş
Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb.
Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstərib. Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi törətdikləri hüquqazidd əməllərdən nəticə çıxarmaq əvəzinə aqressiv, qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edib, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirib.