İsrail HƏMAS qruplaşmasının lideri Yəhya Sinvarın cəsədindən Qəzza zolağında saxlanılan İsrail girovlarının azad edilməsi ilə bağlı danışıqlarda "mübadilə vasitəsi" kimi istifadə edə bilər.
Report xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal İsraildəki mənbələrə istinadən bildirib ki, girovların qaytarılması HƏMAS üçün hərəkat liderinin cəsədini geri almağın yeganə yolu ola bilər.
Mənbələrin sözlərinə görə, Yəhya Sinvarın meyitindən necə istifadə edilməsi məsələsinin həllində əsirlərin azad edilməsi İsrail hakimiyyəti üçün prioritet ola bilər.
“İndi ölkədə HƏMAS-ı girovları buraxmağa məcbur etmək üçün necə təzyiq göstərməyi düşünürlər. Əgər HƏMAS onun qalıqlarını israillilərlə, diri və ya ölü, dəyişmək istəyirsə, onda yaxşıdır”, – CNN-ə diplomatik mənbədən bildirilib.
Eyni zamanda, o qeyd edib ki, cəsədin hər hansı şəraitdə qaytarılması HƏMAS-ın qalan üzvlərinin birləşməsinə səbəb ola bilər.
İsrail oktyabrın 17-də Yəhya Sinvarın məhv edildiyini elan edib, ertəsi gün HƏMAS öz liderinin ölümünü təsdiqləyib.