Amerikada Kamala Harris və Donald Tramp arasındakı siyasi mübarizə seçicilərin fərqli tələblərini və yanaşmalarını ortaya qoyur.
Belə ki, Harrisin istənilən sorğu nəticəsində üstün olmasına baxmayaraq, Trampın vətəndaşlar arasında nüfuzunu qoruması sual yaradır: “Tərs köşə” ola bilərmi?
Amerika seçkilərində ilk qadın prezident - Kamala Harris olacaq, yoxsa Donald Tramp yenidən prezident seçiləcək?
Kamala Harris ABŞ-nin vitse-prezidenti olaraq müasir demokratik dəyərləri və sosial ədalət prinsipini təmsil edir. Araşdırmalar onun gənclər, qadınlar və müxtəlif etnik qruplar arasında populyarlıq qazandığını göstərir. 9 oktyabr 2024-cü ildə keçirilən sorğuya görə Harris 49% səslə seçicilərinin etimadını qazanıb.
Sentyabrın 10-da Pensilvaniyada 67 milyondan çox insanın izlədiyi televiziya debatında iki namizəd arasında müzakirə baş tutuv. Bir həftə ərzində keçirilən sorğuların əksəriyyəti Harrisin performansının orta göstəricisinin debatdan əvvəl yüksəlməsini, lakin sonrakı həftə ərzində bu göstəricinin aşağı düşdüyünü təsdiq edib.
Donald Tramp isə populizm ritorikası ilə öz seçici bazasını qorumaqda müvəffəqdir. 2024-cü il seçkilərinə hazırlanan Tramp “First America" yanaşması ilə seçicilərə hakimiyyətinin uğurlu dönəmlərini xatırladır. Bu, seçicilərdə nostalji hissi yaratmağı və onlara "keçmişdəki Amerika"nı geri qaytarmağı vəd etməyi məqsəd qoyur. Bu yanaşma insanların daha əvvəlki dövrlərdə yaşadıqları müsbət təcrübələrin axtarışına səbəb olur və beləcə cəmiyyətin indiki vəziyyətdən narazılığını artırır.
Həmçinin, Trampın çıxışlarına nəzər yetirsək, bu çıxışlar mübahisəli, lakin diqqət çəkən ifadələrlə doludur. Bu, onun mesajlarını daha təsirli və yadda qalan edir, seçicilərin onunla emosional əlaqə qurmasına imkan tanıyır. Trampın siyasəti yalnız iqtisadi və siyasi məsələlərə deyil, həm də insanların hisslərinə yönəlmiş bir strategiya olaraq hesab edilir ki , bu da onun iqtisadiyyat, milli təhlükəsizlik və sərhəd məsələlərində sərt mövqeləri ilə hələ də güclü bir tərəfdar bazası saxlamasına kömək edir.
Qeyd edək ki, 9 oktyabr 2024-cü ildə keçirilən sorğuya görə, o, 46% səs toplamışdır.
Harrisin müsbət sorğu nəticələri və Trampa sadiq dəstəyin eyni anda mövcudluğu siyasi mühitdə “tərs köşə” şəraitini yaradır. Harrisin cəlbedici siyasəti, Trampın emosional ritorikası ilə qarşılaşdırdıqda bu hal seçici davranışında qeyri-müəyyənlik yarada bilər.
Bu dinamik, seçki prosesində gözlənilməz nəticələrə səbəb ola bilər.
Nəzrin Salmanova