Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Kiyevə 800 milyon dollar həcmində hərbi yardım ayıracağı ilə bağlı dediklərini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, həmin vəsait Ukraynada silah istehsalı üçün nəzərdə tutulub. ABŞ-ın siyasətinin dəyişməsi fonunda atılan bu addım Kiyevə “öz silahı və öz şərtləri ilə müharibə aparmaq” imkanı vermək məqsədi daşıyır.
Qəzet qeyd edir ki, Vaşinqtonun Ukraynaya yeni yardımı müttəfiqlərinin Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbə endirməyə qoyduğu məhdudiyyətləri aradan qaldırmağa nail ola bilməyən Volodimir Zelenski üçün təsəllidir.