Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Deyirlər ki, kitablar insanların ən yaxın dostudur. Biz də ən yaxın dostlarımızı ziyarət  etmək üçün yolumuzu böyük mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Beynəlxalq Kitab Sərgisindən salmağı qərara aldıq. 
Sərgiyə gediş-gəlişin təşkili üçün ayrılmış xüsusi avtobusların saxlanıldığı yerə gəldik. Avtobuslardan birinə əyləşib sərgiyə yola düşdük. Yol boyu ötən illərdə baş tutan kitab sərgilərindən və təəssüratlarımızdan danışdıq, hazırkı sərgi ilə bağlı gözləntilərimizi bir-birimizlə bölüşdük. Beləcə, zamanın necə keçdiyini bilmədən yola düşdüyümüz məkana-Baku Ekspo Mərkəzinə çatdıq. 
Mərkəzə yaxınlaşanda əlində kitablarla oradan çıxan və ya əksinə, sərgiyə çatmaq üçün tələsən kitabsevərləri gördük. Bu qədər kitabsevəri bir arada görmək insana çox xoş təəssürat bağışlayırdı. 
Mərkəzin qarşısındakı hündür, işıqlı, sərgi ilə bağlı əsas məlumatların yer aldığı afişa diqqət çəkirdi. Qısa yoxlanışdan sonra Mərkəzə daxil olduq. 
Biz ilk olaraq üzərində "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı yazılmış stendlə qarşılaşdıq. Stenddə ekologiyanın müdafiəsi ilə bağlı məlumatlar, simvolik əşyalar yer alırdı. Daha sonra rəngarəng və incəliklə işlənmiş rəsm əsərləri ilə qarşılaşdıq. Həmçinin girişdə "Füyuzat" jurnalının kiçik stendi ilə də tanış olduq. Burada iki məlumatlandırıcı lövhə və "Füyuzat"-ın müxtəlif sayları nümayiş etdirilirdi. Hər kəsin növbə gözləyərək şəkil çəkdirdiyi qırmızı xalça və lentlərlə bəzədilmiş Bakı Beynəlxalq Kitab Sərgisi lövhəsinin də qarşısından keçərək əsas zala daxil olduq. Amma sanki, başqa zala deyil, başqa aləmə keçid etdik. 
Zalda saysız-hesabsız stend, yüzlərlə kitab və hər yaşda olan çoxlu kitabsevər var idi. Hər kəs stendlərin qarşısında kitablarla maraqlanır, yazar və satıcılarla kitablar haqqında söhbət edirdilər. İlk diqqətimizi çəkən Məhəmməd Füzulinin şəkli və əsərləri ilə bəzədilən, üzərində Ümumilli Lider Heydər Əliyevin "Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir" şüarı yazılan stend oldu. Növbəti dayanacağımız Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının stendi oldu. Stendlərdə kitabxananın "Nadir nüsxələr" fonduna aid qədim və tarixi kitablar nümayiş edilirdi. Kitabxananın nümayəndə heyətinin üzvü Amaliya Qənbərova stenddəki kitablar haqqında danışarkən qeyd etdi ki, Respublika Elmi-Texniki Kitabxanası bu il sərgiyə daha çox memarlıq mövzusunda kitablar gətirib:"Bu il sərgidə əsasən tarixi memarlıq mövzusunda kitablar nümayiş etdiririk. Amma bildiyimiz kimi, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ilidir və biz onunla bağlı olaraq ekologiya mövzusunda da kitablar gətirmişik. Bu kitablar 2023-2024-cü ildə nəşr olunub. Biz bu kitabları ziyarətçilərə hədiyyə də edirik". A.Qənbərova kitabxananın tarixindən də söz açdı:"Kitabxanamız “Azneft” İstehsalat Birliyinin tərkibində yaranıb. Ən qədim kitabımız da neftin geologiyası ilə bağlıdır və 1885-ci ilə aiddir. Ümumiyyətlə, elm və texnikanın istənilən sahəsinə dair bizim həm qədim, həm də müasir kitablarımız var".
Kitabxananın kitabları ilə tanış olduqdan sonra sərgini gəzməyə davam etdik. Uzaqdan çox fərqli bir stend diqqətimizi çəkdi və biz ona sarı getdik. Bizi "DODO" qəzetinin baş redaktoru, araşdırmaçı İradə Məlikova qarşıladı. Stendin diqqətimizi çəkməsinin səbəbi isə buradakı kitabların talış dilində yazılması, həmçinin talış xalqına və bu xalqın adət-ənənələrinə aid əşyaların, eləcə də "Zerən çörəyi"-nin nümayiş etdirilməsi idi. Söhbət zamanı İradə xanım orada yalnız talış dilində deyil, Azərbaycanda yaşayan 15 xalqın dilində yazılan kitabların olduğunu bildirdi:"Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə çıxan kitablarımız var. Bu kitablarda avar, buduk, xınalıq, ingloy, kürd, ləzgi, talış, tat, udi, saxur və rutul dillərində Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları öz əksini tapır. "Talış xalqının folkloru", "Toy və yas adət-ənənələri", "Şəkili lüğət" və digər kitablarımız da oxuculara nümayiş etdirilir". Həmsöhbətimiz "DODO" qəzeti haqqında da məlumat verdi:”DODO" talış dilində dərc edilən ictimai qəzetdir. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Qezeti öz maliyyə hesabıma dərc edirəm. Hətta qəzetin paylanmasını da şəxsən özüm həyta keçirirəm. Qəzet Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvarda oxuculara çatdırılır".
İradə xanımla söhbətimizdən sonra yan stendə nəzər yetirdik. Burada Azərbaycan Yazıçılar Birliyinin və Braziliya Yazarlar Klubunun üzvü Rüstəm Mirzəyevlə tarixçi, elmlər namizədi Fərhad Mehdini gördük. Onlar kitabların hər biri haqqında bizi məlumatlandırdılar. Xüsusilə də, Rüstəm bəy "Ağ qızılın lənəti", 2 hissəli "Пoчему" (Niyə?) və "Qızıl Şar" kitablarından bəhs etdi. Ardınca Fərhad bəy stenddə yer alan bir sıra kitablar və özünün müəllifi olduğu "Günəşə açılan doqquz pəncərə" adlı macəra xarakterli tarixi-fəlsəfi romanı barədə bizə danışdı. Stenddən ayrılan zaman isə Rüstəm bəylə Fərhad bəy şəxsi imzaları ilə bizə bu kitablardan hədiyyə etdilər. Bu bizim üçün çox gözəl və xoş təəssürat idi! 
Daha sonra isə sərgidə müxtəlif ölkələrin stendləri ilə qarşılaşdıq. Qətər stendinin önündən keçərkən kitablara göz gəzdirdik. Kitablar, əsasən, Qətərin tarixi ilə bağlıdır. Ancaq fərqli mövzularda kitablara da rast gəldik. Ardınca, qardaş ölkə olan Türkiyənin stendinə yaxınlaşdıq. Stenddə bir qrup şəxsin təqdim olunan kitablar və müxtəlif nəşrlərlə bağlı maraqlı söhbətlərinə də şahid olduq. Belə ki, burada Evliya Çələbi, Katib Çələbi kimi yazıçıların əsərlərinə, uşaq ədəbiyyatına və tarixi əsərlərə rast gəldik.
 Türkiyə stendlərini gəzərkən türk kitabsevər Şeyma Asker ilə tanış olduq. Şeyma xanım bildirdi ki, artıq 4 ildir sərgidə iştirak edir:"Bu il müxtəlif ölkələrin stendləri çoxdur. Qətər, Oman və başqa ölkələrin səfirliklərinin stendləri ilə rastlaşırıq. Həmçinin bu il əvvəlki illərdən daha çox yayımçı var və artıq 4-cü gəlişimdir. Hər il yayımçı sayı artır. Bu da Azərbaycan yayımçılığı üçün müsbət bir hadisədir. Keçən il 3-4 kitabı olan yayımçının bu il 10-15 kitabı var". Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanda uşaq yayımçılığı da inkişaf edib:"Bu il sərgidə uşaq yayım evlərinin də sayı artıb. Demək olar ki, hər stenddə uşaq kitablarına rast gəlmək olur. Əvvəl daha çox dərs kitabları üstünlük təşkil edirdi. İndi isə hekayə kitabları və s. daha çoxdur". Şeyma Asker bu ilki sərginin əvvəlki illərdən fərqli olduğunu da əlavə etdi:"Öncədən universitet, dərnək stendləri üstünlük təşkil edirdi. Bu il isə kitab yayım evlərinin, yazıçıların kitab stendlərinə daha çox rast gəlirik. Bu da bizi sevindirir". Həmsöhbətimiz  növbəti illərdə də sərgidə iştirak etmək istədiyini bildirdi. 
Digər stendlərə doğru irəlilədik. Bu zaman yaxın stenddən gözəl musiqi sədasını eşitdik və həmin tərəfə getdik. Qarşılaşdığımız mənzərə isə bizi özünə heyran etdi. Stendin yanında 3 nəfər var idi. Onlardan biri kitabların alışı-satışı ilə maraqlanır, digəri barmaqları ilə gitaranın simlərinə toxunur və o biri isə mahnı oxuyurdu. Orada toplaşan insanların da bir qismi kitablarla maraqlanır, digərləri musiqi dinləyirdi. Bu çox gözəldir! Ona görə də buradan ayrılmaq çətin idi. Lakin artıq sərgidən gedən sonuncu avtobusun dayanacaqdan hərəkətə başlama vaxtı yaxınlaşırdı. Tələsirdik. Biz artıq stendlərdən yavaş-yavaş kənarlaşırdıq. Beləcə, oradan ayrılaraq, sərgidən yola çıxan xüsusi avtobusa əyləşdik. Bir az sonra sərgidən bizə hədiyyə edilən imzalı kitablardan birini açdıq. Kitabda yazılmışdı:"Aytac və Saida xanıma müəllifdən, hörmətlə".
Beləcə, 10-cu Beynəlxalq Kitab Sərgisindən reportajımızı yekunlaşdırdıq. Sərgidə hədiyyə verilən kitablar isə bizə dost olaraq qaldı…

 

Saida Ramazanovi

Aytac Kərimova, Crossmedia.az

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il