Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması haqqında müzakirələr aparılıb.
Bu barədə akademiyadan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan Çingiz Aytmatov ümumtürk dünyasının parlaq simalarından biridir. Vurğulayıb ki, Çingiz Aytmatovun şəxsiyyətinə, onun zəngin bədii irsinə Azərbaycanda hər zaman böyük maraq olub, Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə “Dostluq” ordeninin ilkini Çingiz Aytmatova təqdim edib, Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə 2024-cü il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun heykəlinin açılışı olub.
İclasda qırğız xalqının böyük oğlunun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələri nəzərə alaraq və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasını təmin etmək məqsədilə redaksiya heyətinin yaradılması qərara alınıb.