Dilinizi seçin

Dilinizi seçin

Gündəm

"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu ilə bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.

Bu barədə Dövlət Turizm Agentliyinin "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna təşkil etdiyi mediaturda məlumat verilib.

"Xınalıq UNESCO-da 1 il" mövzusuna həsr edilmiş turda 40-dan çox KİV təmsilçisi iştirak edib. Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir ildə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, artıq "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb.

Mediatur zamanı Xınalığın əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində görülən işlər, o cümlədən kənd ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı da məlumat verilib.

Kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işlərinin aparıldığı, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verildiyi bildirilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.

Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə etdiyi vurğulanıb. İşlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlı olduğu da qeyd edilib.

Jurnalistlərə o da bildirilib ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Belə ki, Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin - təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. da inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb. Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir.

Media nümayəndələrinə bildirilib ki, Xınalıq kəndində təmir-bərpa üzrə genişmiqyaslı işlərin aparılması, həyata keçirilən digər layihələr əhalinin rifah halına və məşğulluğunun artmasına səbəb olub. Belə ki, bir neçə il ərzində kənd əhalisinin demək olar 90 %-i müəyyən fasilələrlə işə cəlb olunub. Bundan əlavə, Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub. DTA tərəfindən "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb.

Dövlət Turizm Agentliyinin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu ötən il sentyabrın 4-də ölkə Prezidentinin sərəncamı ilə yaradılıb. Bundan bir müddət sonra 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Xınalıq xalqının köçəri yaşayış tərzi, unikal dili, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələri və Xınalıq icmasının mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il