Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 24-də Xəzər rayonu ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması faktı aşkar olunub. Yerin təkindən qanunsuz istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Nərimanov rayonu ərazisində keçirilən digər tədbir zamanı isə restoranların birində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması aşkarlanıb. Həmin restoranının icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.