Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı prioritet istiqamət olaraq qiymətləndirir, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bütün platformalarda yaxınlaşmanı təmin edən təşəbbüsləri dəstəkləyir. Bugünkü görüşümüzün mövzusu olan ölkələrimizin sənaye, elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı türk dövlətləri arasında iqtisadi işbirliyinin təməl sütunlarını təşkil edir. Bu sahələr arasında qarşılıqlı fəaliyyətin yaratdığı sinerji texnoloji tərəqqiyə dəstək verməklə dayanıqlı iqtisadi artımda əvəzsiz rol oynayır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısında çıxışı zamanı deyib.

“Neft və qaz resursları ilə zəngin olan ölkəmizin qarşılaşdığı əsas çağırışlardan birinin də bu resurslardan əldə olunan gəlirləri iqtisadiyyatın şaxələnməsinə yönəltməkdir. Bu baxımdan qeyri-neft sənayesinin inkişafı və bu inkişafa təkan verən əlverişli ekosistemin yaradılması iqtisadi siyasətimizin diqqət mərkəzindədir. Təbii ki, sənayeləşmə siyasətimiz dayanıqlı olmalı, qlobal çağırışlara və tendensiyalara adekvat cavab verməlidir. Bu baxımdan ev sahibliyi edəcəyimiz COP29 tədbiri həm bizim sənaye siyasətimizin qlobal çağırışlara uzlaşdırılması, həm də Azərbaycanın bu sahədə reallaşdırılan qlobal səylərə töhfə verməsi baxımından əhəmiyyətlidir. COP29-da Azərbaycan müxtəlif qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərdən biri olan iqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsünü (BICFIT) xüsusilə vurğulamaq istərdim. Təşəbbüs ticarət və investisiya siyasətlərinin əlaqəli şəkildə həyata keçirilməsi ilə yaşıl diversifikasiyaya yönələn səylərin güclənməsinə xidmət edəcək”, - deyə M.Cabbarov əlavə edib.

TDT ölkələri arasında əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərindən biri kimi Tədqiqat və İnkişaf (R&D) fəaliyyətlərinin önəmini qeyd etməyin vacibliyini vurğulayan Mikayıl Cabbarov bildirib ki, təşkilat çərçivəsində Birgə Tədqiqat institutlarının formalaşdırılması, birgə tədqiqat layihələrinin dəstəklənməsi, elmi texnoloji nailiyyətlərin və ən yaxşı təcrübələrin mübadiləsi, texnologiya transferi mərkəzlərinin yaradılması birgə rifaha müsbət töhfə verə bilər.

Nazir əlavə edib ki, əməkdaşlıqda digər mühüm istiqamət KOB-ları əhatə edir: “Biz ötən ay qlobal təşəbbüs olaraq “KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası”nı elan etdik. Bu təşəbbüs birgə bəyannamə şəklində həyata keçirilir. Bəyannamə həm bütün institusional iştirakçıları, həm də fərdləri KOB-lara iqlim dəyişikliyinin gətirdiyi çətinliklərlə mübarizə aparmağa və onların yaşıl transformasiyasına dəstək verməyə çağırır. Eyni zamanda, ölkələrimiz arasında son illərdə əməli addımlar atılıb, investisiya fəaliyyətini stimullaşdırmaq, regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək məqsədi ilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan əlavə, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan, Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına müsbət töhfə verəcək”, - deyə nazir əlavə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il