Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda qəti və ardıcıl siyasət həyata keçirir.
"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Regionda sülhün bərqərar olması istiqamətində səylərə toxunan politoloq Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən erməni xalqı ilə də münasibətlərdə formalaşdırdığı qəti və ardıcıl siyasətə çox nikbin baxıram. O, həmişə Azərbaycanın sülh istədiyini deyir”, - M.Şevçenko vurğulayıb.
Politoloq Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də toxunaraq bildirib ki, RF regionun başqalarının oyun alətinə çevrilməsini istəmir.
“Rusiyanın mövqeyi tamamilə dəqiq və aydın şəkildə ifadə olunub. Biz regionun Qərb satellitləri və agentlərinin oyun alətinə çevrilməsini istəmirik. İstəyirik ki, Cənubi Qafqaz dövlətləri və xalqları öz aralarında razılığa gəlsinlər, ortaq dil tapsınlar, mehriban qonşuluq münasibətləri qursunlar. Cənubi Qafqazın Qərb siyasətçilərinin müharibə və nifrəti alovlandırdıqları yer olmasını istəmirik”, - o qeyd edib.