Biz ölkələrimizin, Macarıstanın və Azərbaycanın, yerləşdiyi unikal coğrafi vəziyyətdən yararlanaraq, qlobal əhəmiyyətli məsələləri müzakirə etməyə çalışırıq.
Trend xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda deyib.
“Macarıstan hazırda Avropa İttifaqında sədrliyi həyata keçirir və ümumilikdə Avropa İttifaqının rəqabət qabiliyyətinin artırılması Macarıstan sədrliyinin əsas məqsədlərindən biridir. Həmçinin, kənd təsərrüfatında dayanıqlılıq və innovasiyalara dəstək vermək sədrliyimizin vacib hissəsini təşkil edir. Buna görə də Avropa kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, eyni zamanda ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə ekoloji izlərin azaldılmasına xüsusi diqqət yetirilir”, - səfir bildirib.
Səfir vurğulayıb ki, Macarıstan rəqabətədavamlı, resursları səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan, biliklərə əsaslanan və innovativ kənd təsərrüfatı və qida sənayesinin yaradılmasını hədəfləyir.
“İnnovativ kənd təsərrüfatı və qida sənayesi iqtisadi sarsıntılara və hazırkı istehsala birbaşa təsir göstərən təbii amillərə daha dayanıqlı olmalıdır”, - T.Torma əlavə edib.
Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpozium keçirilir.
Alimlərin, eləcə də yerli və xarici ekspertlərin iştirak etdiyi tədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlim dəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.