Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Crossmedia.az  xəbər verir ki, konfransda Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və Fransanın əsarəti altında olan Mayot adasından nümayəndələr hüquqşünaslar, həmçinin QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər. Konfransda "Delimitasiyası olunmuş, lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri", "Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş" mövzularında sessiyalar keçirilib.

Sessiyalarda çıxış edən mavritaniyalı jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir. “Bu müstəmləkə vəziyyəti qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır. İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu mübarizəmizi qazanacağıq. Ümidvaram, icmalarımız bu mübarizənin nə demək olduğunu anlayacaq və birləşəcək, nəticədə biz qalib gələcəyik", - deyə Abdarahman Von vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı Nizami Səfərov deyib ki, insanlıq əleyhinə cinayətlərin konsepsiyası məhz Afrikada hələ də izləri görünən Trans-Atlantik qul ticarəti ilə bağlıdır. Bunun təsdiqini hələ XIX əsrdə dərc edilən və beynəlxalq hüquqa həsr olunmuş bir çox dərsliklərdə, ədəbiyyatlarda görmək olar. İnsanlıq əleyhinə cinayətlərin mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində çox fəal rol oynayıb.

Qul ticarətinə görə Fransa tərəfindən reparasiyaların ödənilməsinin ən mühüm məsələlərdən biri olduğunu qeyd edən deputat vurğulayıb: “1998-ci ildə Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində çıxış edib və xüsusi qanun layihəsi təklif edib. Həmin qanun layihəsində iki məsələ öz əksini tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə uyğun olaraq quldarlığın, qul ticarətinin insanlıq əleyhinə cinayət kimi tanınması və reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə münasibətdə qanun layihəsindən kənarda qaldı”.

 

Malidən olan QHT rəhbəri Kabin Dumbia qeyd edib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. Bunun üçün də elmi və texniki sahəyə çox ciddi investisiya qoyulmalıdır. Bütün Afrika ölkələri isə bu cəhətdən çətinliklə üzləşib. Diplomatik müstəqillik zəruridir. Diplomatik müstəqillik dedikdə xarici güclərin təzyiqini dəf etmək nəzərdə tutulur. O bildirib ki, Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur. İqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir. Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər.

Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe deyib: "Konqo Demokratik Respublikası kolonializm uğrunda mübarizədə həlak olmuş Patris Lubumbanın vətəndir. Neokolonializmlə mübarizə bütün bəşəriyyətin vəzifəsi olmalıdır. Suverenliyin çox böyük üstünlükləri var. Ölkənin suveren olması hökumətin müstəqil qərar qəbul etməsinə imkan verir. Bu zaman dövlət milli maraqlar çərçivəsində qərar qəbul edə bilir".

Çıxış edən fəal Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə görə, lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır. Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər.

“Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır. Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bilirik. Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır", - deyə Kemi Seba vurğulayıb.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov qeyd edib ki, hər bir xalq üçün öz taleyinin sahibi olmaq, müstəqil dövlət yaratmaq və inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilmədi. 1991-ci ildə müstəqilliyini elan etməklə Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Çünki suverenlik hakimiyyətin ali keyfiyyəti deməkdir.

O bildirib ki, ikili standartların ən çox müzakirə olunan və ən ağrılı tərəfi böyük dövlətlərin kiçik dövlətlərə, ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli münasibətidir. İkili standartlara misal kimi ABŞ, Fransa və digər ölkələrin Ermənistan və Azərbaycana qarşı siyasətini göstərmək olar. Bu zaman ikiüzlü siyasət termini də işlədilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımı qadağan edən 907-ci düzəlişi də ikili standartın bariz nümunəsi hesab olunur.

“Afrikanın dörd əsrdən artıq qul ticarəti və müstəmləkə istismarı zamanı Avropa dövlətləri tərəfindən əsarət altına alınması milyonlarla afrikalı üçün nəinki böyük əzab və ölümlə nəticələndi, həm də Afrikanın geriliyinə və kütləvi yoxsulluğuna səbəb oldu. Bununla belə həm “sivilizasiya missiyası”, həm də Fransanın Afrikadakı siyasəti tamamilə irqçi idi və müstəmləkəçilik dövlət tərəfindən təsdiqlənmiş zorakılıq aktına çevrildi”, - deyə politoloq vurğulayıb.

Sessiyalardan sonra Təşəbbüs Qrupunun illik (2023-2024) fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il