Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmağın son mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Bosniya Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşündə Azərbaycanın Sarayevoda səfirliyinin açılması alqışlanıb. E.Konakoviç həmçinin vurğulayıb ki, Bosniya Azərbaycanda öz səfirliyinin açılmasının son mərhələsindədir. Bu da ölkələrimiz arasındakı münasibətləri, xüsusilə iqtisadi əlaqələri gücləndirəcək. Hər iki tərəf razılaşıb ki, ölkələr arasında həll olunmamış məsələlər yoxdur, ancaq ikitərəfli sazişin imzalanması üzərində iş sürətləndirilməlidir", - məlumatda bildirilib.
Öz növbəsində, Azərbaycan XİN turizm, kənd təsərrüfatı, sənaye, texnologiya və qarşılıqlı investisiyalar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərindən istifadənin vacibliyini qeyd edib. C.Bayramov vurğulayıb ki, qarşıdan gələn COP29 sessiyası Azərbaycan ilə Bosniya və Herseqovina arasında tərəfdaşlığın yeni istiqamətləri üçün əlverişli imkanlar yaradır.
"Bosniya və Herseqovina həmçinin postmünaqişə dövründə regiondakı cari vəziyyət və reallıqlar, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işləri, mina təhlükəsi ilə mübarizə, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması gündəliyi barədə ətraflı məlumatlandırılıb", - Azərbaycan XİN-in məlumatında qeyd edilib.