Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib.
Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib.
PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub.
Praktiki atışlar zamanı planlı və plandankənar hədəflər dəqiqliklə məhv edilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən nümunəvi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.