Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağdam rayonunda 4 iritutumlu su anbarı tikir.
Crossmedia.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Böyük Qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur. "İşğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi" layihəsi çərçivəsində Ağdam şəhərinin su təsərrüfatı istiqamətində su və kanalizasiya sahəsində işlər sürətlə, intensiv və planlı şəkildə həyata keçirilir.
Texniki nəzarət mühəndisi Mahir Həmidov bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində 440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və 410 metr yüksəklikdə 2 ədəd tutumu 7 500 kubmetrlik su anbarının tikintisi davam etdirilir: “Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 %-i icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.
Həmçinin qeyd edib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6,5 kilometri inşa olunub.
Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2 500 metr borudan 2 332 metri tamamlanıb.
Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1,8 kilometri çəkilib.
2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə sakinlər - keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.
Ağdam şəhərinin su təsərrüfatının yenidən qurulması indiki və gələcəkdə obalarına geri dönən sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfədir.