Select your language

Select your language

Prezidentin gündəliyi

Oktyabrın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib. 

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər. Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğuladı, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirdi.

Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırıldı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış etdilər.

Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verildi.

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verdi.
Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırıldı.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il