Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, Təşkilatın üzv və müşahidəçi ölkələrinin maliyyə monitorinqi orqanlarının nümayəndələri və digər qonaqlar “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana səfər ediblər.
Qonaqlar Fəxri xiyabanda türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb və əziz xatirəsi anılıb.
Türk xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin, eləcə də tarixi və mədəni əlaqələrin ikişaf etdirilməsi, habelə türk dövlətlərinin cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə əməkdaşlığının daha da genişləndirilməsi məqsədi ilə Şuşa şəhərində keçirilən Forum, həm də Maliyyə Monitorinqi Xidmətinin (MMX) yaradılmasının 15 illiyinə həsr edilib.
Forumda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin maliyyə kəşfiyyatı orqanları təmsil olunub. Tədbir çərçivəsində panel müzakirələr keçirilib, maliyyə kəşfiyyatı orqanlarının qarşılıqlı fəaliyyəti və qabaqcıl təcrübələrin tətbiqi haqqında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov türk dövlətləri başçılarının ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüslərinin önəmini vurğulayıb. Qeyd edilib ki, forumun azad Şuşada keçirilməsi türk dövlətləri arasında tərəfdaşlığın inkişafı baxımından xüsusilə əlamətdardır.
Türk Dövlətləri Təşkilatının rəsmisi Ömər Kocaman türk dünyası ölkələri arasında dərin tarixi, mədəni və sosial əlaqələri qeyd edib, münasibətlərin maliyyə cinayətləri ilə mübarizə sahəsində də gücləndirilməsinin əhəmiyyətindən danışıb.
MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlar və beynəlxalq əməkdaşlıq haqqında iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, maliyyə cinayətlərinə qarşı mübarizədə türk dövlətləri arasında tərəfdaşlıq önəm kəsb edir. Forumda türk dövlətlərinin maliyyə cinayətlərinə qarşı əməkdaşlığına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri təmsil etdikləri ölkələrin cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə təcrübəsi barədə çıxış ediblər.
Forumda MMX tərəfindən tətbiq olunan qabaqcıl texnologiyalar və süni zəka əsasında hazırlanmış Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) təqdim edilib. Proqram təminatı 17 moduldan ibarətdir.
Bu yeni proqram təminatında müasir standartlara cavab verən uçot və hesabatlılıq sistemi yaradılıb, digər dövlət qurumları ilə inteqrasiya təmin edilib, təhlil işlərində yeni innovativ tətbiqlərdən və vizuallaşdırmadan istifadə olunmuşdur. Məlumat bazasının tamlığının təmin edilməsi üçün çarpaz yoxlamalar və risklərin idarə olunması sistemi yaradılıb, ölkənin və fəaliyyətin spesifikliyinə uyğun proqram təminatında təkmilləşdirmələrin operativ aparılması imkanı yaradılıb.
Münasibətlərin avtomatlaşdırılmasının təkmilləşdirilməsi, proseslərin idarə olunmasının asanlaşdırılması məqsədilə proqram təminatının istifadəçilərinin, yəni öhdəlik daşıyan şəxslər, nəzarət və hüquq mühafizə orqanlarının elektron qeydiyyatı sistemi yaradılıb. Rahat elektron qeydiyyat sisteminin tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, ümumiyyətlə əvvəl istifadədə olmuş sistemdə qeydiyyatdan keçmiş şəxslərdən 54 faiz çox öhdəlik daşıyan şəxs qeydiyyatdan keçirilib.
"Davamlı əməkdaşlığın gələcəyi" mövzusunda müzakirələrin nəticəsi olaraq, türk dövlətlərinin maliyyə kəşfiyyatı orqanları "Şuşa Təşəbbüsü"nü yekdilliklə qəbul ediblər. “Şuşa Təşəbbüsü”ndə məqsəd türk xalqları arasında maliyyə cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.