Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 8 169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 % artıb.
Bu ilin 9 ayında muxtar respublikanın daşınmaz əmlakın dövlət reyestrində 3 538 torpaq sahəsi, 2 901 fərdi yaşayış və bağ evi, 1 254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, 1 çoxmərtəbəli yaşayış binası dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 %, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 %, qeyri-yaşayış sahələrinin sayı 32,2 % çox olub.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 % artaraq 884,5 min manat, xidmət haqqı isə 32 % artaraq 1,7 milyon manat təşkil edib.