Mərkəzi Bank pul-kredit göstəriciləri ilə bağlı aylıq statistik bülletenini dərc edib.
Bank sektoru
Crossmedia.az xəbər verir ki, 31 avqust 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,125 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% və ya 201 nəfər artaraq 24 min 523 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 567.7 milyon manat, cəmi öhdəlikləri 43 milyard 256 milyon manat, balans kapitalı 6 milyard 311.7 milyon manat olmuşdur. Avqust ayında bankların aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1% (478.5 milyon manat), 0.9% (381.8 milyon manat) və 1.6% (96.7 milyon manat) artmışdır.
Kredit portfelinin artımı cari ilin avqust ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 milyon manat artaraq 26 milyard 75.6 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.7% (13 milyard 999.8 milyon manat);
ıı) istehlak kreditləri – 30.6% (7 milyard 978.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 97 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.7 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 35,milyard 3.9 milyon manat. Depozit portfelinin 60.3%-i (21 milyard 112.1 milyon manat) hüquqi şəxslərin, 39.7%-i (13 milyard 891.8 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9,110.2 mln. manat) milli valyutada, 34.4%-i (4,781.7 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8,215.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 1.8% və ya 147.8 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 15,830.8 mln. manat (ay ərzində artım 2.9% və ya 439.3 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.
2024-cü ilin yanvar – avqust aylarında banklar tərəfindən 772.3 mln. manat xalis mənfəət, 1,148.2 mln. manat məbləğindəəməliyyat mənfəəti generasiya edilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6.6% və 7.9% daha çox). Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 175.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir. Monetar sektor
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 10.1% artaraq 35,273.4 mln. manat təşkil etmişdir.
• Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 58.6 mln. manat azalaraq 2,539.5 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma iləəlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə 10.9% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,812 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,738 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,069 mln. manatı POS-terminallar, 4.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.1%-ni təşkil etmişdir.