Select your language

Select your language

İqtisadiyyat

Аzərbaycanda bərpa olunan enerji mənbələrindən (hidroenergetika daxil olmaqla) elektrik enerji istehsalının həcmi 3 dəfə artacaq. 2030-cu ilədək ümumi istehsalın ötən ilki 7 faizdən 22 faizədək artacağı gözlənilir.

Bu barədə Trend-ə Norveçin “Rystad Energy” müstəqil tədqiqat və analitik şirkətindən məlumat verilib.

"Azərbaycan öz enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaq səylərini gücləndirir ki, bu da daxili karbon izini azaltmağa və ixrac üçün təbii qazı azad etməyə imkan verəcək. Ölkə günəş və külək enerjisinin potensialını artıraraq, hazırkı 10 faizdən az olan bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payını üçdə-birinə çatdırmaq niyyətindədir. Bu hədəfə çatmaq üçün 2 milyard dollarlıq "yaşıl" enerji təşəbbüslərinə sərmayə qoyulub. Beynəlxalq investorlar bu layihələrə böyük maraq göstərir və Azərbaycan bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək bu öhdəlikləri möhkəmləndirməyi planlaşdırır. Ölkə daxilində bərpa olunan enerji mənbələrinin payının artması Azərbaycan üçün 2027-ci ilədək Avropaya qaz ixracını 2 dəfə artırmaq və uzunmüddətli enerji strategiyasına "yaşıl" hidrogen istehsalını əlavə etmək məqsədlərinə çatmaqda kömək edəcək", - şirkətin mütəxəssisləri bildiriblər.

“Rystad Energy” şirkətindən qeyd etdilər ki, Azərbaycanda qeyri-qalıq yanacaqla əlaqəli enerji xərcləri 2020-ci ildə 1 faizdən az idisə, ötən il 7 faizdən çox olub və onilliyin sonuna qədər bu göstərici 20 faizi ötəcək.

"Bu isə quraşdırılmış gücün bu ilki 19 faizdən 2027-ci ilə qədər 30 faizə qədər artmasına səbəb olacaq. Bununla belə, ölkə həm ixrac ambisiyalarını, həm də artan daxili tələbatı ödəmək üçün qalıq yanacaqlarına sərmayələri artırmağa davam edəcək", - şirkətin analitikləri vurğulayıblar.

“Rystad Energy” şirkətindən xatırlatdılar ki, təbii qaz ötən il Azərbaycanın enerji balansında qalıq yanacağının (92 faiz) böyük hissəsini təşkil edib ki, bu da ölkənin qaz tələbatının təxminən yarısına bərabərdir.

"Hidroenergetika enerji balansında 6 faiz, quruda külək enerjisi, günəş panelləri və bioenergetika bir yerdə 2 faiz təşkil edib.

“Rystad Energy”-nin əsas ssenarisinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələri əsasında (hidroenergetika daxil olmaqla) elektrik enerjisi istehsalı 2030-cu ilə qədər 3 dəfə artacaq — ötən ilki 7 faizdən 22 faizə çatacaq. Quraşdırılmış gücün illik bərpa olunan enerji mənbələri üzrə payı isə onilliyin sonuna qədər 2 dəfə artaraq 2022-ci ildəki 19 faizdən (əsasən hidroenergetika hesabına) 2030-cu ildə 38 faizə çatacaq. Bu artım əsasən günəş enerjisi və quruda külək enerjisi sahəsindəki yeni layihələr sayəsində baş verəcək. Bununla belə, təbii qaz əsasında istehsal olunan elektrik enerjisi ölkənin əsas enerji mənbəyi olaraq qalacaq və 2030-cu ildə ümumi istehsalın 75 faizini təşkil edəcək, uzunmüddətli perspektivdə keçid yanacağı rolunu oynamağa davam edəcək", - şirkətdən əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda ölkənin malik olduğu "yaşıl" enerji potensialının səmərəli istifadəsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ölkənin prioritet vəzifələrindən biri kimi irəli sürülüb.

Araşdırmalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il