Select your language

Select your language

Mədəniyyət

Beynəlxalq Mədəni İrs Həftəsi çərçivəsində Özbəkistanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Gənclərin Yaradıcılıq Sarayında “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” mövzusunda beynəlxalq forum keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, forumda çıxış edən mədəniyyət naziri Ozodbek Nazarbekov “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar” mövzusunda təqdimatla çıxış edib.

Onun sözlərinə görə, əcdadlarımız cəhalətə qarşı həmişə maarif bayrağı ucaldıb, zəka və qabiliyyətlərini elmin və mədəniyyətin inkişafına həsr ediblər.

“Cahilliyə qarşı maarifləndirmə” ideyası əsasında əhalinin, xüsusən də gənclərin mənəvi-ideoloji immunitetinin artırılması, ölkəmizdə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər aparılır”,- deyə nazir əlavə edib.

Forumda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mədəniyyətin bəşəriyyətin həyatında əhəmiyyətini vurğulayıb: “Nəsillərin davamı üçün mühüm təməl, gənc nəslin tərbiyəsi və inkişafı, o cümlədən milli kimliyin qorunub saxlanılması üçün zəruri olan mədəni-mənəvi irs xalqımızın misilsiz dəyəridir. Bu da öz növbəsində gənc nəslin milli mənsubiyyətinin, daxili qürurunun formalaşmasında və azad düşüncəsinin möhkəmləndirilməsində böyük rol oynayır”.

Forumda TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, o cümlədən azərbaycanlı yazıçı və publisist Oğuz Yunus İsaxan oğlu, TÜRKSOY Yazıçılar Birliyinin sədri, qazax şairi, jurnalist və redaktor Esdaulet Ulukbek və digər tanınmış simalar iştirak ediblər.

“Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində Özbəkistan Prezidentinin təklif etdiyi “Canlı tarix” layihəsinin, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi Türkdilli Ölkələrin Milli Musiqi Alətləri kitabının təqdimatı reallaşıb. Özbək milli alətlərinin sərgisi və “Çolpon” tamaşası nümayiş olunub.

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il