Select your language

Select your language

Mədəniyyət

“İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş plenum keçirilib. İki gün davam edən plenumda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilatın aktual məsələlərinə, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə yeni yolların müəyyən olunması istiqamətində müzakirələr aparılıb.

Plenum öz işinə Xalq artisti F.Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında F.Əlizadənin “Zəfər marşı” videoklipinin təqdimatı ilə başlayıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov plenum iştirakçılarına qala-şəhərdə aparılan möhtəşəm quruculuq işləri barədə geniş məlumat verib.

Xalq artisti F.Əlizadə ittifaqın tarixindən, həmçinin 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların bu şanlı tarixin yaranmasındakı rolundan ətraflı söz açıb.

Xalq artisti, bəstəkar S.Fərəcovun, Əməkdar incəsənət xadimləri G.Abdullazadənin, H.Babayevanın və A.Quliyevin, fəlsəfə elmləri doktoru M.Hacıyevanın sənətşünaslıq üzrə fəlsəfə doktoru G.İsmayılovanın Bəstəkarlar İttifaqının müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı çıxışları dinlənilib.

Tədbir çərçivəsində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şuşa professional musiqidə” adlı yeni kitabının təqdimatı olub. Kitabda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərləri toplanaraq, not yazıları və təhlillərlə verilib. Qeyd olundu ki, bu gözəl diyar hər zaman bəstəkarlarımızın ilham mənbəyi olmuşdur.

Plenumunun axşam konserti tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı ilə yadda qalıb. Kvartetin üzvləri Azərbaycan musiqisinin şah əsərlərini, o cümlədən Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin məşhur əsərlərini mükəmməl ifa etməklə tamaşaçıların böyük marağına səbəb olublar. Hamıya tanış olan bu əsərlərin Şuşada səslənməsi sanki yeni rəmzi məna daşıyırdı. Buna görə də təsadüfi deyil ki, kvartetin yaddaqalan çıxışından sonra plenumda iştirak edən bəstəkarlar bu musiqi marafonunu bədahətən davam etdirərək, Qarabağa və Şuşaya həsr olunmuş yeni əsərlərini royalda ifa ediblər. Bəstəkarlardan P.Axundova, E.Seyidcahan və S.Məmmədli ifaları ilə tədbirə rəngarənglik qatıblar.

Plenumun növbəti günü iştirakçılar Şuşa şəhəri ilə yaxından tanış olub, Heydər Əliyev Yaradıcılıq Mərkəzini, Üzeyir Hacıbəylinin ev-muzeyini və

Bülbülün ev-muzeyini ziyarət ediblər.

 

 

 

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il