“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə start verilib.
AZƏRTAC-ın xəbərinə görə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda avarçəkmə ilə yanaşı, digər idman növlərinin də inkişaf etdiyini bildirib. A.Gözəlov idmana göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev yarışda əcnəbi idmançıların mübarizə aparmasının müsbət məqam olduğunu söyləyib.
Reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.
Qeyd edək ki, "Mingəçevir Reqatası" Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil olunur. Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında yarışın rəsmi açılış mərasimi keçiriləcək.