Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən 1 kilometrlik hissəsində icra olunub.
Məlumata əsasən, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Anoloji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə də yerinə yetirilib.