Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Kompleksdə mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, əməkdaşların fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, habelə yanğın-xilasetmə bölmələrinin fövqəladə hallara hazırlıq səviyyəsinin daha da artırılması olub.
Təlimə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq şəxsi heyət və texnikası cəlb olunub.
Tədbirin nəzəri hissəsində çıxış edən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən danışıb, FHN tərəfindən bu istiqamətdə görülən işlərdən söz açıb.
Sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktoru Qəhrəman Qələndərov bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.
Sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıb.
Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.