Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı və tələbəsi Lənkəran şəhərində Fizika fakültəsinin şəhid məzunu Səhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib.
Bu barədə universitetdən məlumat verilib.
Lənkəran Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şöbənin mütəxəssisi Ələkbər Həsənov, Fizika fakültəsinin müəllimləri Şəhriyar Həbibi barədə xatirələrini bölüşüb, qürur mənbəyimiz olan şəhidlərimizin xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.
Qeyd edək ki, Şəhriyar Həbibi 2010-2014-cü illərdə Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində şücaət göstərib, 2020-ci il noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə həlak olub. Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.