Zəngilan şəhərində beşinci yaşayış kompleksinin layihə görüntüləri yayılıb.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.