İsrailin hücumu nəticəsində Livanı Suriya ilə birləşdirən əsas magistral yolun kəsilməsi, bölgədə ciddi çaxnaşmaya səbəb olub.
Crossmedia.az Associated Press-ə istinadən xəbər verir ki, İsrailin hava zərbələri bu mühüm yolu kəsərək, iki ölkə arasında əlaqəni çətinləşdirib. Livanın Milli Xəbər Agentliyinə görə, bu hücumlar Livandakı döyüşlərdən qaçan və Masnaa sərhəd keçidindən istifadə edərək Suriyaya keçən on minlərlə insana təsir edib.
Magistral yolun bağlanması həmin sərhəd keçidini də məhdudlaşdırıb. Bununla belə, hələ də onlarla sərhəd keçid məntəqəsi açıq vəziyyətdədir.
Livanın Milli Xəbər Agentliyinin verdiyi məlumata görə, İsrail bölgəyə 10-dan çox ardıcıl hava hücumu təşkil edib. Sentyabrın sonlarında İsrail, Hizbullahı zəiflətmək və onu Livan-Suriya sərhədindən sıxışdırmaq məqsədilə hücumlarını intensivləşdirib. Hücumlar təxminən 1,2 milyon insanın evlərindən məcburi köçkün düşməsinə səbəb olub, bu da bölgədə böyük humanitar böhran yaradıb.
Ləman Məmmədova