Fransada CGT, “Solidaires”, FSU həmkarlar ittifaqlarının, eləcə də gənclər təşkilatlarının üzvləri tərəfindən “Makron-Barnye hökuməti”nə qarşı”, pensiya islahatının ləğvi və maaşların artırılması tələbi ilə tətil və nümayiş keçirilib. Ölkənin 188 şəhər və qəsəbəsində fransızlar küçələrə çıxıblar.
Aksiya iştirakçıları bugünkü nümayişin uzun müddət davam edəcək etirazların başlanğıcı olduğunu bildiriblər. Onlar, ilk növbədə, M.Barnye hökumətinin legitimliyini tanımadıqlarını vurğulayıblar. Prezident E.Makronun istefasını tələb edərək, onu xalqın səsinə, seçkilərin nəticələrinə hörmət göstərməyə çağırıblar. Qəzəblərinin soyumayacağını və sona qədər mübarizə aparacaqlarını bəyan edən nümayişçilər etirazların davamlı olacağını diqqətə çatdırıblar. Eyni zamanda, Makronun idarəçiliyindən narazılıqlar səsləndirilib. Bütün ölkədə keçirilən nümayişlərdə təhsil, səhiyyə sahələrində dözülməz vəziyyətin yarandığı, yoxsulluğun baş alıb getdiyi qeyd edilib. Fransızlar sosial və ekoloji ədalət tələblərini bir daha səsləndiriblər. Nəqliyyat sektoru da daxil olmaqla, bir çox sahələrdə uzunmüddətli tətillərin başlandığı bildirilib.
Parisdə “Denfert-Rochereau” meydanına toplaşan nümayişçilər “Bastille” meydanına doğru irəliləyiblər. Onlar xüsusilə iyul seçkilərində uduzan siyasi partiyaların hökumətə gətirilməsindən narazılıqlarını ifadə ediblər. Etirazçılar Makron-Barnye siyasətinə yox deyərək, əllərində “Makron istefa!” plakatları ilə Bastille” meydanına doğru gediblər. Ölkədə milli səviyyədə keçirilən etiraz nümayişləri zamanı Milli Assambleyada Baş nazir M.Barnye yeni hökumətin siyasətini açıqlayıb.