COP29 planetin gələcəyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edən qlobal konfransdır.
APA-nın verdiyi xəbərə görə, bunu "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda Bakıda keçirilən "B2B Forum"da Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O qeyd edib ki, COP29 zamanı dünyanın diqqəti Bakıda olacaq:
"İki həftə ərzində dünya liderləri danışıqlar aparacaq, iqlim konvensiyasının iştirakçıları burada görüşə və beynəlxalq iqlim siyasəti ilə bağlı müzakirələr apara biləcəklər".
O, "yaşıl texnologiyalar"la bağlı müxtəlif qanunvericilik aktlarının hazırlanması və digər həll edilməli məsələləri ön plana çəkib:
"Avropa İttifaqı olaraq Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəlikləri dəstəkləməyə, bu istiqamətdə ən yaxşı nəticələrə nail olmaq üçün təcrübələrimizi bölüşməyə hazırıq".
"Bərpa olunan enerji və enerji səmərəliliyi iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Bunlar qazıntı yanacaqlarına, kömürə və təbii qaza olan tələbatı azaltmaq üçün imkan yaradır, istixana qazı emissiyalarının azaldılmasına böyük töhfə verir", - deyə P.Mixalko əlavə edib.