Elm və Təhsil Nazirliyi olaraq COP29 tədbiri çərçivəsində bir neçə istiqaməti əhatə edirik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bunlardan birincisi bu gün keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalıdır.
Nazir vurğulayıb ki, növbəti istiqamət qlobal əhəmiyyətə malik, COP29-un vacib miraslarından biri olacaq PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatlarında ilk dəfə olaraq ətraf mühit sağlamlığının ölçülməsi çərçivəsi Azərbaycan tərəfindən təklif olunub və aidiyyəti üzrə bu, bəyənilib.
“Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə növbəti PISA-larda oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, həmçinin ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradacağına inanıram. Bütövlükdə insan davranışının dəyişilməsinə yönəlik təşəbbüslərdə iştirak etməkdən də olduqca məmnunuq", - deyə E.Əmrullayev əlavə edib.