Oktyabrın 24-də Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirildi. Elm və Təhsil Nazirliyinin və COP29-un dəstəyi ilə təşkil olunan tədbir yüksək səviyyəli qonaqların iştirakı ilə baş tutdu. Açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri, elmi və təhsil müəssisələrinin rəhbərləri, COP29 nümayəndələri və xarici qonaqlar qatıldılar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və festivala həsr olunmuş xüsusi videoçarx nümayiş olundu. Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək STEAM Azərbaycan layihəsinin təhsilin gələcəyinə verdiyi töhfələri vurğuladı. Nazir, gənc nəslin yeni çağırışlara hazırlığı baxımından bu layihənin əhəmiyyətini qeyd etdi və festival iştirakçılarına uğurlar arzuladı.
COP29-un iqlim dəyişmələri üzrə çempionu Nigar Arpadarai festivalın əsas mövzusunun yaşıl texnologiyalar olduğunu qeyd edərək, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılmasında STEAM təhsil metodunun vacib rol oynadığını bildirdi.
Maral Şahverdili
Nihat Tahirov