Select your language

Select your language

COP29

Azərbaycan11-22 noyabr 2024-cü il tarixlərində böyük beynəlxalq tədbir olan COP29-a ev sahibliyi edəcək. Bu tədbir Birləşmiş Millətlər Təşkilatının ( BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının illik Konfransı olaraq iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin bir araya gəldiyi ən mühüm platformalardan biridir.
COP29 tədbiri ərəfəsində medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Medianın əsas vəzifəsi ölkədə və beynəlxalq səviyyədə düzgün və obyektiv informasiya yaymaq, iqlim dəyişikliyi ilə bağlı maarifləndirməni artırmaqdır. Media konfransın gedişatını izləməklə yanaşı, Azərbaycanın ekoloji siyasətini və beynəlxalq səylərini dünya auditoriyasına çatdırmaq üçün güclü bir vasitə kimi çıxış etməlidir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri  Cəsarət Hüseynzadə Crossmedia.az saytına olan açıqlamasında bildirib ki, Azərbaycan mediasının onlayn təhlükəsizliyinin gücləndirilməsi zəruridir.  Son illərdə Azərbaycanın onlayn media subyektlərinin təhlükəsizliyi ölkənin ümumi informasiya təhlükəsizliyinin mühüm hissəsinə çevrilib. Ekspertlərin fikrincə, onlayn media subyektlərinin təhlükəsizliyinin qorunması ölkənin milli maraqlarının müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Bununla bağlı xüsusi təhlükəsizlik proqramları hazırlanmalı, həm dövlət qurumları, həm də media subyektləri kibertəhlükəsizlik sahəsində birgə addımlar atmalıdırlar.
COVID-19 pandemiyası dövründə beynəlxalq medianın Azərbaycana marağı artıb və ölkədə keçirilən beynəlxalq tədbirlər, xüsusən də COP29 kimi əhəmiyyətli toplantılar zamanı xarici media nümayəndələrinin geniş iştirakı gözlənilir. Bu səbəbdən, dövlət qurumları media nümayəndələrinin sərbəst və təhlükəsiz fəaliyyətini təmin etmək üçün alternativ texniki və logistik imkanlar yaratmalıdır. Eyni zamanda, xarici dezinformasiya və təzyiqlərlə mübarizə aparmaq üçün Azərbaycan mediasının gücləndirilməsi vacibdir.

Dezinformasiya, saxta xəbərlər (feyk nyus) problemi dünya miqyasında böyüyən təhlükəyə çevrilib və bu təhlükə Azərbaycana da təsirsiz ötüşmür. Jurnalistlər dezinformasiyanı tanımaq və məlumatları düzgün mənbələrdən əldə etmək üçün peşəkar bilik və bacarıqlarını artırmalıdırlar. Xüsusən də, xaricdən gələn manipulyasiya cəhdlərinə qarşı informasiya axını operativ şəkildə yoxlanmalı və saxta xəbərlər yayılmadan öncə təkzib edilməlidir. Bu məqsədlə həm media orqanları, həm də dövlət qurumları arasında sıx əməkdaşlıq vacibdir.
Həmçinin əlavə edib ki: “Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması üçün media platformalarının rolu böyükdür. Onlar təkcə yerli auditoriya üçün deyil, həm də beynəlxalq platformalarda fəaliyyət göstərməli və ölkəmizlə bağlı doğru məlumatları dünya ictimaiyyətinə çatdırmalıdır. Xarici mətbuatın təsiri altında olan qrupların təzyiqlərinə qarşı dayanıqlı olmaq və ölkənin maraqlarını qorumaq jurnalistlərin əsas vəzifələrindən biridir. Medianın təhlükəsizliyinin gücləndirilməsi və jurnalistlərin peşəkarlığının artırılması Azərbaycan dövlətinin informasiya sahəsindəki təhlükəsizliyini təmin edəcək əsas addımlardan biri kimi önə çəkilir. Dövlət qurumları bu istiqamətdə media subyektlərinə texniki dəstək göstərməli və onları kiberhücumlara qarşı daha dayanıqlı etməlidir". 

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il