Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat verdilər.
Bildirildi ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.