Fransa hökuməti hazırda xarici və daxili siyasətində ciddi böhran yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır.
Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir.
Son məlumatlara görə, Yeni Kaledoniyada adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında yüzlərlə insan həbs olunub, saxlanılanlar var. Fransa hakimiyyəti davam edən etiraz aksiyaları səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeridəcək. Bunu Fransanın Baş naziri Qabriel Attal bildirib. Onun sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti ictimai toplantılara qadağa qoyub, bölgədə komendant saatı tətbiq etməyi planlaşdırır.
Qeyd edək ki, Yeni Kaledoniyada etirazları tətikləyən səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.