Bakıda "İqlim sahəsində fəaliyyət üçün tədqiqatların və əməkdaşlığın sürətləndirilməsi" mövzusunda iqlim elmi üzrə konfrans başlayıb.
Trend xəbər verir ki, bu Bakıda keçirilən "iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"-ni yekunlaşdıran tədbirlərdən biridir.
Konfransın gündəliyinə aşağıdakı mövzular üzrə panel müzakirələr daxildir: "İstixana qazlarının emissiyalarının başa düşülməsində inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu", "Elmi problemlərin həllində qlobal və regional əməkdaşlığın rolu", "İqlim dəyişikliyinin və paradiqmaların dəyişməsinin transsərhəd suların idarə edilməsinə təsiri".
Bakıda ilk dəfə keçirilən “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.