Vahid "Türktransplant" mərkəzinin yaradılması ilə bağlı təklifi Azərbaycan ötən il Özbəkistanda irəli sürüb.
Report-un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, məqsəd 160 milyona yaxın əhalisi olan geosiyasi məkanın vətəndaşları üçün müəyyən tibb xidmətlərin əlçatanlığının artırılmasıdır:
"Avropada vahid transplantologiya üzrə təsisat mövcuddur. Düşündük ki, türk dövlətləri çərçivəsində belə təsisat yaradıla bilər. Bu, ilkin mərhələdə vahid informasiya mərkəzidir".
O bildirib ki, əhalisinə görə müxtəlif ölkələrdə donor sayı fərqlənir, ehtiyacı duyulan vətəndaşların sayı isə kifayət qədərdir:
"Belə bir vahid sistemin olması isə çarpaz transplantasiya imkanları yaradır. İnanırıq ki, gələcəkdə bu vahid orqanlara da şamil ediləcək".