Oktyabrın 17-də TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) və bir sıra tabeli tibb müəssisələrinin rəhbərliyi, eləcə də media nümayəndələrinin iştirakı ilə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına həsr olunmuş brifinq keçirilib. Brifinqin əsas məqsədi təcili tibbi xidmətlərin keyfiyyətinin artırılması və operativliyin təmin edilməsi istiqamətində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq olub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışı zamanı təcili tibbi yardım xidmətinin inkişafı üçün aparılan institusional islahatlardan danışıb. O bildirib ki, təcili tibbi yardım xidməti hər zaman ölkənin ən həyati əhəmiyyətli sahələrindən biri olub və bu sahədə görülən işlər böyük məsuliyyət tələb edir. Qurbanov qeyd edib ki, son dövrlərdə bu sahənin təkmilləşdirilməsi üçün müxtəlif addımlar atılıb və mövcud problemlərin aradan qaldırılması istiqamətində islahatlar davam edir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olan çağırışların statistik göstəricilərinə toxunan Vüqar Qurbanov, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 599 min 976 çağırış qeydə alındığını bildirib. Bu çağırışlardan 62 min 598-i təxliyə ilə nəticələnib. Bununla belə, o, 9 ay ərzində 39 min 548 əsassız çağırışın qeydə alındığını vurğulayıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisə aparan Qurbanov, ötən il ərzində ümumilikdə 555 min 736 çağırışın qeydə alındığını və bu rəqəmin 2024-cü ildə xeyli artdığını qeyd edib.
İcraçı direktor, həmçinin, keyfiyyətli və əlçatan tibbi yardım göstərmək üçün görülən tədbirlərdən danışaraq, ambulans parkının yenilənməsinə xüsusi diqqət çəkib. O bildirib ki, yeni müasir standartlara cavab verən avtomobillər ilə təchizat aparılır və bu proses əhali sayını nəzərə alaraq optimallaşdırılır.
Tədbirdə iştirak edən media nümayəndələri və tibb sahəsinin mütəxəssisləri ilə birgə mövcud problemlərin həlli yolları və gələcək inkişaf planları müzakirə edilib. TƏBİB-in rəhbərliyi, təcili tibbi yardım xidmətinin keyfiyyətini daha da artırmaq məqsədilə davamlı islahatların həyata keçiriləcəyini vurğulayıb.
Maral Şahverdili
Nihat Tahirov