Azarkeşlər Milli Gimnastika Arenasında möhtəşəm ab-havaya şahidlik edirlər.
Bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi Bakıda ilk dəfə keçirilən yarışla bağlı bunları söyləyib.
"Bir neçə dəqiqə öncə Bakıda "TeamGym" üzrə XV Avropa çempionatına start verildi. Azərbaycan Gimnastika Federasiyası gimnastikanın olimpiya və qeyri-olimpiya növləri üzrə yarışlara ev sahibliyi edib. İlk dəfədir ki, Milli Gimnastika Arenasında "TeamGym" üzrə Avropa çempionatı keçirilir. Azarkeşlər arenada möhtəşəm ab-havaya şahidlik edirlər".
N.Məmmədzadə yarışla bağlı maraqlı detalları açıqlayıb:
"TeamGym" Avropa Gimnastikasına məxsus olan növdür. Avropa ölkələrində çox populyardır. Bu, böyük bir hərəkatdır. Xüsusən də Skandinaviya ölkələrində populyardır. Adından da bəlli oıduğu kimi, "TeamGym" komanda yarışıdır. Komandaların heyəti 8 nəfərdən az, 10 nəfərdən çox olmur. Ümumiyyətlə, 14 ölkənin nümayəndələri burada iştirak edirlər. Ümumilikdə nümayəndə heyətlərinin sayı 800 nəfərdən artıqdır. İdmançılara gəlincə, bu rəqəm 500-dən çoxdur".
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.