Azərbaycan Premyer Liqasının X turunda 2024/2025 mövsümünün ikinci məhsuldarlığı qeydə alınıb.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin verdiyi məlumata görə, X turda 18 qol vurulub.
“Sumqayıt” – “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” – “Qarabağ” matçında beş (0:5), “Neftçi” – “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb. Digər iki qarşılaşmada məhsuldarlıq aşağı olub. “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” – “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.
Beş oyunda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız VIII turda daha çox – 19 qol vurulub.
Qeyd edək ki, mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3,80, VII turda 3,40, ilk oyun həftəsində 3,20 olub.