Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn baş leytenant Şəhriyar Əlibəylinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhid zabitin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilərin də iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər şəhid Şəhriyar Əlibəylinin şərəfli döyüş yolundan, peşəkarlığından söz açaraq Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi igidliyindən danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şagirdlər tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib.