Azərbaycan - Rusiya münasibətləri müsbət şəkildə inkişaf edir.
Crossmedia.az Rusiyanın Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə səsləndirib.
"Biz az əvvəl Prezidentlə birbaşa görüşdük. Dünən gecə qeyri-rəsmi şəkildə münasibətlərimizin statusuna dair məsələləri toxunduq. Mən deyə bilərəm ki, münasibətlərimiz müsbət şəkildə inkişaf edir"-, deyə Putin qeyd edib.
Rusiya və Azərbaycanın enerji və infrastrukturunun inkişafı sahələrində bir çox maraqlı layihələri olduğunu qeyd edən Putin, "Bunların hamısı ümidverici, real və canlıdır",- deyə əlavə edib.
Öz növbəsində Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əhəmiyyətli dinamikanın müşahidə edildiyini qeyd edib. "İkitərəfli münasibətlər sizin ( red. Vladimir Putin) dövlət səfərinizdən sonra əhəmiyyətli dinamika göstərdi. Avqust ayında Bakıda qəbul edilmiş qərarları tamamlayan müxtəlif qurumlar və hökumət nümayəndələri arasında çoxsaylı əlaqələr olub”, deyə İlham Əliyev bildirib
İkitərəfli gündəmin olduqca geniş olduğunu deyən İlham Əliyev, "Həqiqətən də, xüsusilə avqust ayında Bakıda planlaşdırılan yeni layihələr davamlı diqqət və nəzarət tələb edir," deyə əlavə edib.
Prezident İlham Əliyev Putinlə görüşün gündəmi yenidən nəzərdən keçirmək və ikitərəfli razılaşmaların yerinə yetirilməsi üçün konkret addımlar planlaşdırmağa yaxşı bir fürsət olduğunu vurğulayıb.
Nəzrin Salmanova