Rusiya qlobal iqlim prosesində ən fəal şəkildə iştirak etməyə çalışır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda"BRİCS plus" formatında keçirilən XVI BRİCS sammitinin ilk plenar iclasında çıxış edərkən bildirib.
“Bildiyimiz kimi, davamlı inkişaf mövzusunda iqlim xüsusi yer tutur. Məntiqlidir ki, beynəlxalq iqlim gündəliyi qlobal istiləşmə probleminin praktiki həllərinə yönəlməlidir. Burada Qlobal Cənub və Şərq ölkələrinin maliyyələşmə və texnologiyaya çıxışını təmin etmək, onlara iqlim dəyişikliyinə uyğunlaşmaqda kömək etmək vacibdir.
Qeyd etmək istərdim ki, Rusiya qlobal iqlim prosesində ən fəal şəkildə iştirak etməyə çalışır. Ölkəmiz istixana qazlarının emissiyasının azaldılmasına töhfə verən liderlərdən biridir. Eyni zamanda, onun enerji balansı dünyada ən ‘yaşıl’ balanslardan biridir”, - Putin bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiyanın ərazisində dünya meşələrinin 20 faizindən çoxu yerləşir və bu meşələr istixana qazlarını udaraq qlobal istiləşməni yavaşlatmağa kömək edir.
“Rusiya, həmçinin qlobal ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində ciddi töhfə verir. Təkcə son il ərzində 100 milyon tondan çox kənd təsərrüfatı məhsulunu ixraca göndərdik, taxıl tədarükü üzrə lider mövqeyə çıxdıq, enerji bazarında da aparıcı mövqelərimizi qoruyuruq. BRİCS çərçivəsində biz taxıl birjasının yaradılması təşəbbüsünü irəli sürdük. Ümid edirik ki, belə bir mexanizm həm birliyin üzvləri, həm də digər tərəfdaşlarımızla aqrar məhsulların ticarətində şəffaf və xarici risklərə qarşı davamlı bir rejimin qurulmasına töhfə verəcək. Yekun olaraq qeyd etmək istərdim ki, Rusiya, BRİCS-in bütün dövlətləri kimi, inklüziv və davamlı inkişafı təşviq etmək və daha yaxşı dünya qurmaq məqsədilə Qlobal Cənub və Şərq ölkələri ilə birgə əməkdaşlığa açıqdır”, - Putin əlavə edib.